AKADEMİK CƏLAL ƏLİYEVİN RƏHBƏRLİK ETDİYİ MİLLİ PROQRAM AVROPA GENETİKLƏRİ TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
MEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov və Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşı Yaqut Əkbərova bitki genetik ehtiyatlarının milli proqramlarla bağlı İsveçin Alnarp şəhərində keçirilən beynəlxalq seminarda iştirak etmişlər.
Genetik Ehtiyatlar İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, Avropa ölkələrindən 90 nümayəndənin iştirak etdiyi konfransdan məqsəd bitki genetik ehtiyatları sahəsində ölkə proqramlarının, bu sahədə bağlanmış müvafiq beynəlxalq müqavilələrin yerinə yetirilməsinin vəziyyətini müzakirə etmək, layihələrin həyata keçirilməsinə mane olan problemləri müəyyənləşdirmək, təcrübə mübadiləsi aparmaq, bununla da Avropa Əməkdaşlıq Proqramı çərçivəsində genetik ehtiyatların qorunmasına, onlardan səmərəli istifadə edilməsinə yardım göstərmək idi.
Seminarda bitki genetik ehtiyatları ilə bağlı akademik Cəlal Əliyevin rəhbərliyi ilə yerinə yetirilən Azərbaycan Milli Proqramının təqdimatı olmuşdur. Proqramdakı məlumatlar, o cümlədən onun məqsədi, əhatə dairəsi, maliyyə mənbəyi, əlaqələndirilməsi, həyata keçirilərkən qarşıya çıxan çətinliklər haqqında informasiyalar sənədin yüksək peşəkarlıqla hazırlandığından xəbər verir. Beynəlxalq tədbirin iştirakçıları Proqramı yüksək qiymətləndirərək, ondan faydalı informasiya mənbəyi kimi istifadə edəcəklərini bildirmişlər.