AKİA sədri Füzulidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib







Bakı, 7 fevral, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov fevralın 7-də Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Füzuli və Beyləqan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə vətəndaşların müraciətləri əsasən subsidiyaların ödənişi, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, güzəştli şərtlərlə müasir suvarma sistemlərinin alınmasına köməklik və digər məsələlərlə bağlı olub. AKİA sədri Yalçın Camalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
AKİA sədri Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı fermerlərə aqrar sahədə yeni subsidiya mexanizmlərinin yaradılması, Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya əmsalları, kənd təsərrüfatı texnika və avadanlıqlarının satışına dövlət güzəştləri, aqrar təyinatlı kredit və mikrokreditlər barədə geniş məlumat verilib.
Sonra AKİA sədri rayon ərazisində salınmış intensiv meyvə bağlarına, payızlıq taxıl əkini sahələrinə baş çəkib, müasir suvarma sistemi quraşdırılan əraziləri gəzib, bağlarda aparılan mövsümi qulluq işləri ilə tanış olub, fermerlərə müasir bağçılığa dövlət tərəfindən dəstək tədbirləri barədə geniş məlumat verib.