Aktauda Ulu Öndərin xatirəsinə həsr olunmuş mərasim keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunda Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Türkiyənin Aktaudakı baş konsulluğunun nümayəndələri, Azərbaycan və türk iş adamları, icma fəalları, tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları baş konsulluqda Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə baxıblar.
Anım mərasimində əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra baş konsulluğun başçısı vəzifəsini icra edən Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, onun xatirəsi ürəklərdə daim yaşadacaq və ehtiramla yad edəcək.
Diplomat Ümummilli Lider Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində müdrik dövlət başçısı kimi Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb. Xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dirçəlişi məhz onun adı ilə bağlıdır.
Daim xalqa sədaqətlə xidmət edən Ulu Öndər öz fəaliyyətində həmişə xalqa arxalanıb.
Sonra xalq yazıçısı Elmira Axundova çıxış edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, görkəmli dövlət xadiminin siyasi həyatına həsr etdiyi kitablar barədə ətraflı məlumat verib. Baş konsulluğun dəstəyi ilə qazax dilinə çap olunan “Zərifə və Heydər Əliyev - Əbədiyaşar məhəbbət” kitabında Ulu Öndərin ailə həyatı barədə əks olunmuş məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Türkiyənin Aktau şəhərindəki baş konsulu Sabri Alptəkin çıxışında Ulu Öndərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsində misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamının hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu bildirib. Ulu Öndərin Türk xalqına olan dərin rəğbətindən danışan diplomat deyib ki, onun siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib. Hazırda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq, dostluq münasibətləri, atılan birgə addımlar xalqlarımızın tarixi münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonra Mangistau vilayəti üzrə Azərbaycan icmasının rəhbəri Şəmsəddin Hüseynov, Yessenov adına Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov və başqaları çıxış edərək fenomen şəxsiyyət Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.