İQTİSADİYYAT
Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları təsdiqlənib

Bakı, 30 sentyabr, AZƏRTAC
Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları təsdiq edilib
AZƏRTAC xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərar “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları tikinti obyektinin, o cümlədən elektrik stansiyasının yerləşdiyi ünvanda elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək məqsədilə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən aktiv istehlakçılara şamil edilir.
Bu qaydalarda əsas məqsəd aktiv istehlakçının elektrik stansiyası vasitəsilə bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini daha sonra əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürmək, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilməsi ilə bağlı dəstəklənməsi mexanizminin tətbiqindən ibarətdir.
Aktiv istehlakçı tərəfindən bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən elektrik stansiyasının gücünün 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edilməsi nəzərdə tutulur.