Aleksandar Vuçiç: Serbiya Kosovo serblərinə dinarla ödəniş etməyə davam edəcək
Belqrad, 3 fevral, AZƏRTAC
Serbiya hökuməti qadağalara baxmayaraq, Kosovoda yaşayan serblərə dinarla ödəniş etməyi davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O, Kosovonun fevraldan etibarən nağd ödənişlər üçün yalnız avrodan istifadə siyasəti tətbiq etməsinə baxmayaraq, Serbiyanın Kosovo serblərinə əməkhaqqını, sosial yardım və təqaüdləri dinarla ödəməyə davam etdiyini bildirib. Qeyd edilib ki, artıq fevral ayı üzrə maaş, pensiya və sosial yardımlar vaxtından əvvəl ödənilib.
“Kosovodakı serblər bilməlidirlər ki, hökumət onların ödənişlərini ala bilməsi üçün hər şeyi edəcək. Bunun texniki detallarını ictimaiyyətə açıqlamaq istəmirəm. Serbiya, həmçinin bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının çağırılması üçün müraciət təqdim edəcək. Artıq Avropa İttifaqına üzv dövlətlərin nümayəndələrinə, Aİ institutlarına, həmçinin bütün üzv ölkələrin prezident və Baş nazirlərinə məktub göndərilib”, - deyə Serbiya Prezidenti vurğulayıb.
Qeyd edək ki, fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş zamanı yalnız avrodan istifadəyə icazə verilib. Lakin beynəlxalq təzyiqlər fonunda Kosovo hökuməti serb dinarını qadağan etmək qərarının icrasını təxirə salıb və yerli serblər üçün keçid dövrü elan edib.
Kosovo Baş nazirinin müavini Besnik Bislimi deyib ki, keçid dövründə serb dinarından istifadə edənlər cəzalandırılmayacaq və Serbiyadan maliyyə vəsaiti axınına qadağa qoyulmayacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad