CƏMİYYƏT
Aleksandr Zuyev: BMT Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə qarşı apardığı mübarizəni yüksək qiymətləndirir
Bakı, 14 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Noyabrın 14-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kamran Əliyev Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu qeyd edərək, tədbirin iqlim dəyişmələrinin mənfi təsirinə qarşı birgə mübarizəyə böyük töhfə olacağını bildirib. O, Azərbaycanın BMT-nin iqlim, qanunun aliliyi və təhlükəsizliklə bağlı prioritetlərini hər zaman dəstəklədiyini qeyd edib.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyası barədə danışan tərəflər ekoloji cinayətlərin təqibində birgə əməkdaşlığın əhəmiyyətli olduğunu bildiriblər.
Aleksandr Zuyev ölkəmizdə keçirilən ən böyük iqlim konfransının - COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə qarşı apardığı mübarizə işinin BMT tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.