Ali Hərbi Məktəbin kursantları Vətənə sədaqət andı içiblər
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədovun daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanına şəxsi heyətin mərasimə düzülməsi barədə məruzəsi ilə başlanıb.
Sonra ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Məktəbin rəisi, general-mayor İ.Məmmədov çıxış edərək bu günü Ali Hərbi Məktəbin tarixində baş verən əlamətdar hadisə kimi qiymətləndirərək zabit peşəsinin ən şərəfli peşələrdən olduğunu bildirib. Qeyd edib ki, zabit olmaq bütün həyatını Vətənə xidmətə həsr etməklə yanaşı, vətənpərvər, cəsur, savadlı və ədalətli olmaq kimi xüsusiyyətləri özündə birləşdirməyi tələb edir. Ali Hərbi Məktəbin komandir və müəllim heyəti bu keyfiyyətləri gələcəyin zabitlərinə aşılamaqdan ötrü var gücü ilə çalışacaq.
Çıxışda kursantların təhsili üçün Ali Hərbi Məktəbdə yüksək standartlara cavab verən maddi-texniki tədris bazası və məişət şəraitinin yaradıldığı, abadlıq-quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb. Daxili Qoşunların müasir silah və texnika ilə tam təchiz olunduğunu söyləyən general-mayor İ.Məmmədov torpaqlarımızın düşmən tapdağından azad olunmasında gələcək zabitlərin də öz sözlərini deyəcəklərinə əminliyini ifadə edib.
Kursant Xəyal Zeynalov bütün yoldaşları adından Vətəni göz bəbəkləri kimi qoruyacaqlarına, lazım gələrsə, onun uğrunda canlarını fəda edəcəklərinə, zabit adına hər zaman layiq olmağa çalışacaqlarına söz verib.
Valideynlər adından çıxış edən İlqar Məhərrəmov bütün valideynləri təbrik edərək, bu kəşməkəşli, lakin müqəddəs və şərəfli yolda hər bir kursanta müvəffəqiyyət arzulayıb.
Təbrik və tövsiyələrini çatdıran daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov hərbi andiçmə günü münasibətilə kursantları təbrik edib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərdiyi qayğını xüsusilə vurğulayan Daxili Qoşunların komandanı bu diqqətin hər bir hərbi qulluqçunu öz vəzifəsini mətinliklə yerinə yetirməyə ruhlandırdığını söyləyib.
Ş.Məmmədov bir daha qoşunların sıralarına yeni qoşulan gənclərin daim Vətənimiz Azərbaycana sədaqət hissi ilə xidmət edəcəklərinə, mükəmməl hərbi biliklərə yiyələnəcəklərinə və dövlətimizin qorunması, ölkəmizin daha da qüdrətlənməsi, inkişafı və tərəqqisi naminə öz bilik və bacarıqlarını əsirgəməyəcəklərinə inandığını bildirib.
Mərasimdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, general-mayor Nevzat Taşdelen iştirak edib.
Tədbir şəxsi heyətin təntənəli keçidindən sonra Ali Hərbi Məktəbin marşının ifası ilə başa çatıb.