ALİ MƏKTƏBLƏRİN XÜSUSİ QABİLİYYƏT TƏLƏB EDƏN İXTİSASLARI ÜZRƏ QABİLİYYƏT İMTAHANLARI BAŞLANMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, bu ixtisaslar üzrə iyunun 8-dən 25-dək cəmi 4897 (2003-cü ildə 3630) nəfər ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bədən tərbiyəsi və idman ixtisası üzrə 840 plan yerinə 2040 (2003-cü ildə-1604), Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq (dram, televiziya, kino, kütləvi tədbirlər və tamaşalar, teatr kollektivləri rejissoru) ixtisası üzrə 82 plan yerinə 291, aktyor sənəti (teatr və kino, musiqili teatr, estrada aktyoru) üzrə 64 plan yerinə 305, dekorativ tətbiqi sənət (dekorativ tətbiqi incəsənət və xalq sənəti, reklam işi üzrə rəssam, interyer üzrə rəssam, modelyer rəssam, dizayner rəssam, xalçaçı rəssam, rəssam-memar, bədii toxuculuq ixtisasları) üzrə 80 plan yerinə 229, memarlıq ixtisası üzrə 128 plan yerinə 222 nəfər qeydiyyatdan keçmişdir. Ötən illə müqayisədə bu il bəzi ixtisaslara - bəstəkarlıq, orkestr alətləri, musiqişünaslıq və s. maraq artmışdır.
Naxçıvan, Gəncə, Lənkəran dövlət universitetlərində və Azərbaycan Texnologiya Universitetində də xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat aparılmışdır.
Qabiliyyət imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi xüsusi komissiyalar tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanlarda ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimləri, tanınmış mütəxəssislərindən Eldar Ömərov, Fərhad Bədəlbəyli, Arif Məlikov, Timuçin Əfəndiyev, Gülçöhrə Məmmədova, Xuraman Qasımova və başqaları iştirak edirlər. İstiqamətlər üzrə qabiliyyət imtahanları iyulun 5-dək davam edəcəkdir.