ALMAN EKOLOQLARI SUMQAYITDA SEMİNAR KEÇİRİRLƏR
Sumqayıt, 29 sentyabr (AZƏRTAC). Sentyabrın 29-da Sumqayıtdakı Alman Dili Mərkəzində “Torpaq və su modulu” mövzusunda seminar işə başlamışdır. Tədbiri Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (QTZ) müəllimlər və yuxarı sinif şagirdləri üçün təşkil etmişdir.
Layihənin milli əlaqələndiricisi Şəfiqə Hacıəhmədovanın sözlərinə görə, QTZ-nin “Qafqaz və Almaniya şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində keçirilən seminarda alman mütəxəssisləri, ekoloji tərbiyə üzrə Sumqayıt işçi qrupunun üzvləri, Azərbaycanın “İstedadlarımız bizim gələcəyimizdir” qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edirlər.
Seminar zamanı su və torpaq üzərində yeni ekoloji təcrübələrin təqdimatı olacaqdır. Almaniyanın Lüdviqshafen şəhərinin sinifdənxaric ekoloji tərbiyə üzrə mütəxəssisləri Elen Şlonka və Lyusi Zmuda ətraf mühitə antopogen təsiri nümayiş etdirən 40-a yaxın təcrübə keçirəcəklər.
Seminardan əvvəl qonaqlar Sumqayıt İcra Hakimiyyətində olmuş, şəhərin rəhbərliyinə layihənin məqsədi və mahiyyəti barədə məlumat vermişlər. Qonaqlar və “İstedadlarımız bizim gələcəyimizdir” QHT-nin üzvləri Sumqayıtdakı yeni təmizləyici qurğunun işi ilə tanış olacaq, daha sonra Səngəçal terminalına baş çəkəcəklər.
Qeyd edək ki, Sumqayıt ilə Lüdviqshafen arasında tərəfdaşlıq münasibətləri 1977-ci ildə yaranmışdır. Ötən dövr ərzində səhiyyə, təhsil sahələrində, habelə kommunal sahədə layihələr həyata keçirilmişdir. Alman dili Mərkəzi də bu qəbildəndir.