Almaniya Bundestaqının sədri “Olimpiya” ordeni ilə təltif olunub
Bakı, 26 fevral, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Almaniya Bundestaqının sədri Volfanq Şoybleni “Olimpiya” ordeni ilə təltif edib.
AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, “Olimpiya” ordeni ən ali mükafat kimi idmanın və ya Olimpiya hərəkatının inkişafında misilsiz xidmətləri olan şəxslərə təqdim edilir.
T.Bax beynəlxalq idman və Olimpiya hərəkatına göstərdiyi dəstəyə görə almaniyalı siyasi xadimə təşəkkürünü bildirib.
Mükafatlandırma mərasimində İsveçrə Milli Şurasının sədri İzabel Moret, Almaniyanın İsveçrədəki səfiri Norbert Riedel, Almaniya Olimpiya İdman Konfederasiyasının prezidenti Alfons Hermann və başqaları iştirak ediblər.
Qeyd edək ki, sədri Volfanq Şoyble Almaniya Federativ Respublikasının Daxili İşlər və Maliyyə naziri vəzifələrində çalışıb. 2017-ci ildən isə o, Almaniya parlamentinə rəhbərlik edir.