SİYASƏT
Almaniya parlamentində təcrübə proqramı keçən azərbaycanlı məzunlar Bundestaqın qətnaməsini sərt tənqid ediblər
Berlin, 26 iyun, AZƏRTAC
Almaniya Bundestaqının beynəlxalq təcrübə proqramının azərbaycanlı məzunları bu ölkə parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etməsi haqda alman deputatlara müraciət ünvanlayıblar.
Məzunlar Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il soyqırımı haqda məlumat verərək, həmin ilin mart-sentyabr ayları ərzində yüz minlərlə dinc azərbaycanlının və ölkəmizdə yaşayan milli azlıqların nümayəndələrinin erməni terrorçuları tərəfindən sırf dini və milli mənsubiyyətinə görə öldürüldüklərini diqqətə çatdırıblar. Vurğulanıb ki, bu hadisələrə qiymət verilməməsi erməni millətçilərini keçən əsrin sonlarında yenidən Azərbaycan xalqına qarşı cinayət törətməyə, ərazilərimizi işğal etməyə, torpaqlarımızda etnik təmizləmə həyata keçirməyə və Xocalıda dinc insanları qətlə yetirməyə həvəsləndirib. Müraciətdə Ermənistanın indiki rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayətlərini sübut edən faktlar, Prezident Serj Sarkisyanın söylədiyi irqçi fikirlər əksini tapıb.
Müraciətdə bildirib ki, Almaniya Bundestaqının 100 il əvvəl baş vermiş və tam araşdırılmamış hadisələri qərəzli şəkildə “erməni soyqırımı” adlandırdığı halda, həmin dövrdə erməni hücumları nəticəsində yüz minlərlə türkün həlak olması faktına ümumiyyətlə toxunulmur. Belə bir qətnamə barışığa xidmət edə bilməz. Erməni təcavüzünün səbəb olduğu yaraların dilə gətirilməməsi ikili standartların göstəricisidir.
Azərbaycanlı məzunlar alman deputatları Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyə və BMT qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırıblar.
Almaniya Bundestaqında Təcrübə Keçmiş Azərbaycanlı Məzunlar Birliyi Bundestaqın beynəlxalq təcrübə proqramında (İnternationales Parlaments Stipendium (İPS) iştirak etmiş gənc azərbaycanlı məzunların ictimai birliyidir. İndiyədək 40 azərbaycanlı gənc bu proqramın iştirakçısı olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin