Almaniyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab çap edilib
Bakı, 14 aprel, AZƏRTAC
Almaniyada “Dövlətlərin ərazi bütövlüyü: beynəlxalq hüququn qüvvədə olan prinsipinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nümunəsində araşdırılması” adlı kitab çap edilib.
Professor Hans-Yoaxim Hayntsenin müəllifi olduğu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü ilə “Berliner Wissenschaftsverlag”da (Berlin Elm Nəşriyyatı) nəşr olunub.
Almaniyanın Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru, Beynəlxalq Sülh Hüququ və Silahlı Münaqişələr İnstitutunun rəhbəri Hans-Yoaxim Hayntse, həmçinin Almaniya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada mühazirələr oxuyur.
Müəllifin əsas tədqiqat obyektləri beynəlxalq hüququn tanınmış prinsipləri, beynəlxalq təşkilatlar hüququ, diplomatik əlaqələr hüququ, beynəlxalq insan hüquqlarıdır.
Kitabın birinci və ikinci fəsli nəzəri ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə ilə bağlı məhkəmə qərarları, beynəlxalq təşkilatların rəy və qərarlarının araşdırılmasına həsr edilib. Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığına dair 30 ildən artıq elmi tədqiqat aparan alim kitabın ilk fəslində dövlətin əsas hüquqi xüsusiyyətlərinə nəzər salıb. O, daimi əhali, ərazi, effektiv hakimiyyət, başqa dövlətlərlə əlaqəyə girmək qabiliyyəti kimi anlayışları ətraflı şəkildə şərh edib. Həmçinin işğal, anneksiya, sesessiya, effektiv idarəçilik və digər məsələlərə yer ayırıb.
İkinci fəsildə dövlətin hüquq və öhdəliklərindən danışan müəllif güc tətbiqinin qadağası, tanınmış beynəlxalq sərhədlərin toxunulmaz olması və güc tətbiqi ilə bunun dəyişdirilməsinin beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil etməsi kimi məsələləri diqqətə çatdırıb. Alim öz müqəddəratını təyinetmə prinsipinin əsasən dekolonizasiya dövründə vüsət aldığını və ərazi bütövlüyü prinsipini sual altında qoymadığını sübut edir.
Kitabın üçüncü və dördüncü fəsli empirik məsələlərə həsr olunub. Üçüncü fəsil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüquqi ölçüləri adlanır. Burada münaqişənin tarixinə qısa ekskurs edilib, ermənilərin Azərbaycan ərazisinə köçürülməsinə dair faktlar göstərilib.
“Dağlıq Qarabağ uğrunda silahlı münaqişə” adlanan dördüncü fəsildə 1988-1994-cü il hadisələri hüquqi nöqteyi-nəzərdən təhlil edilib. Beynəlxalq təşkilatların məlumatları əsas götürülməklə Azərbaycan əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olduğu bildirilib. Baş verənlərin etnik təmizləmə olduğu və beynəlxalq cinayət kimi Beynəlxalq Cinayət Məhkəməsində hüquqi qiymət verilməli olduğu qeyd edilib.
Professor Hayntse belə nəticəyə gəlib ki, Dağlıq Qarabağın əhalisi, etnik ermənilər dedikdə, hüquqi baxımdan “xalq qrupu”ndan deyil, milli azlıqdan söhbət gedir ki, onların da öz müqəddəratını təyinetmə hüququ yoxdur. Ermənilər Dağlıq Qarabağ ərazisində milli azlıqlara tanınan hüquqlara iddia edə bilər ki, bu da Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın 27-ci maddəsində təsbit olunub.