ALMANİYADA MATƏM MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, matəm mərasiminə gələn Almaniya ictimaiyyətinin nümayəndələri, iş adamları, Bundestaqın Qafqaz qrupunun üzvləri, Federal Xarici Siyasət İdarəsinin Azərbaycan üzrə söbəsinin rəhbər heyəti, Türkiyə, Pakistan, Mavritaniya, İran, Özbəkistan, Qazaxıstan, Ukrayna, Belarus, Moldova və digər ölkələrin səfirləri, Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının üzvləri, Türkiyə-Almaniya İş Adamları Birliyinin üzvləri, Almaniyada yaşayan soydaşlarımız, tələbələr Heydər Əliyev şəxsiyyətinə ehtiramlarını bildirmiş, kədər hissi ilə başsağlığı vermişlər.
Mərasimin keçirildiyi salonda Prezident Heydər Əliyevin portreti qara lentlə haşiyələnmiş, ətrafına gül çələngləri düzülmüş, Azərbaycanın dövlət bayrağından qara matəm lenti asılmışdır.
Matəm mərasimini giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqov Prezident Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, xalqı qarşısında xidmətlərindən danışmışdır. Natiq qeyd etmişdir ki, Heydər Əliyevə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da çox böyük hörmət və ehtiram bəslənilmişdir. Azərbaycan bütün qüvvəsini, bilik və bacarığını ölkəsinin və onun xalqının rifahına həsr edən uzaqgörən və müdrik rəhbərini itirmişdir. Heydər Əliyevin qətiyyətlə və əzmlə həyata keçirdiyi müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan bütün dünyada nüfuz qazanan dövlətə çevrilmişdir.
Berlin Türk Camesinin axundu xoca İbrahim mərhumun ruhuna yasin oxuduqdan sonra ehsan verilmişdir.
Mərasim iştirakçılarına “Heydər Əliyevin siyasi portreti” kitabı təqdim edilmiş, Türkiyənin TRT televiziya kanalı matəm mərasimindən çəkilişlər aparmışdır.