Almaniyada Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş yürüş-mitinq keçirilib
Hannover, 2 mart, AZƏRTAC
Almaniya Federativ Respublikasının Aşağı Saksoniya federal əyalətinin paytaxtı Hannover şəhərində “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Bielefeld NRV Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və türk diaspor dərnəklərinin dəstəyi ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş yürüş-mitinq keçirilib.
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən yürüş şəhərin böyük Qeorq meydanında başlayıb və Ştayntor meydanına kimi davam edib. Şəhərin mərkəzi küçələrini əhatə edən bu yürüş çoxsaylı yerli əhali və qonaqlar tərəfindən müşahidə olunub. Yürüş zamanı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev alman dilində Xocalı soyqırımı haqqında məlumat verib, erməni qəsbkarlarının torpaqlarımızın 20 faizini işğal etdiklərini, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü bildirib.
Yürüş zamanı “Ermənistan, Azərbaycandan rədd ol!”, “Xocalıya ədalət”, “Xocalını unutma!” və bu kimi şüarlar səsləndirilib, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilmiş qətliama dair vərəqələr paylanıb. Şəhər sakinləri tədbirin mahiyyəti və məqsədi barədə məlumatlandırılıb, Xocalı soyqırımının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti olduğu vurğulanıb. Bu faciənin bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığı bildirilib və Almaniya hökumətinə də müvafiq müraciət səsləndirilib.
Nümayişdə Hannoverlə yanaşı, ətraf şəhər və rayonlardan, eləcə də Almaniyanın digər federal əyalətlərindən gəlmiş həmvətənlərimiz, türk soydaşlarımız və almanlar iştirak ediblər. Təxminən saat yarımdan artıq davam edən nümayiş şəhərin mərkəzi Ştayntor meydanında sona çatıb və burada mitinq başlayıb.
Xatırlatmaq istərdik ki, Ştayntor meydanı yaxınlığında Xocalı faciəsinə dair böyük məlumatlandırıcı stend qurulmuşdu. Səhər saatlarından başlayaraq yerli sakinlər və qonaqlar stendin önündən keçərək faciənin ağlasığmaz dəhşətlərini əks etdirən səhnələrə baxıblar. Onlara, eyni zamanda, broşürlər, məlumatlandırıcı vərəqələr və əyani vəsaitlər təqdim edilib. Böyük stendin yanında Azərbaycan rəssamları Eldar Cabbarlı və Telman Quliyevin Xocalı faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Səyyar stenddə imzatoplama aksiyası keçirilib, Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin AFR hökumətinə ünvanladığı bəyannamənin mətni paylanılıb.
Ştayntor meydanında üzərinə Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər vurulmuş və Azərbaycan bayraqları sancılmış mobil səhnə quraşdırılmışdı. Tədbirin təşkilatçısı və Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Hannover şəhərindəki Azərbaycan icması adından tədbirə gələnləri salamlayıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Daha sonra E.Qəniyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası haqqında geniş məlumat verərək, soydaşlarımızı Xocalı soyqırımına beynəlxalq aləmdə mənəvi-siyasi və hüquqi qiymət verilməsi və bu faciənin beynəlxalq səviyyədə anılmasını təmin etmək istiqamətində məqsədyönlü fəaliyyət göstərməyə səsləyib.
Daha sonra türk diaspor rəhbərləri də öz fikirlərini bildirib, Xocalı faciəsini törətmiş cinayətkarların beynəlxalq məsuliyyətə cəlb olunmalarını tələb ediblər. Natiqlər Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edərkən ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına əsaslanıb və Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olacağını, ona hər zaman lazımi dəstək verəcəyini vurğulayıblar.
Sonda Etibar Qəniyev tədbirə qatılanlara təşəkkürünü bildirib, yürüş-mitinqin təşkilinə göstərdiyi dəstəyə görə Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinə minnətdarlığını çatdırıb.
Yürüş-mitinq yerli KİV-lərdə, eləcə də Türkiyənin “Sabah” qəzetində işıqlandırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Hannover