Almaniyalı mütəxəssis: Mahir Emreli Klozedən çox şey öyrənəcək
Bakı, 25 oktyabr, AZƏRTAC
“Mahir Emreli Almaniya Bundesliqasına gəlmədən öncə Avropanın fərqli klublarında çıxış edib. Bu amil indiki məqamda ona müsbət mənada təsir edir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə Azərbaycan millisində Berti Foqtsun köməkçisi işləmiş almaniyalı mütəxəssis Bernhard Lippert II Bundesliqa təmsilçisi “Nürnberq”in formasını geyinən azərbaycanlı futbolçu Mahir Emreli barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan millisinin hücumçusu Almaniya klubuna keçməklə hədəflərini daha da böyüdüb: “Əgər bir futbolçu ölkəsini fərqli liqada təmsil edirsə, bu, onun milli komandasına, eləcə də özünün inkişafına müsbət təsir edir. Mahir fiziki və mental olaraq çox güclü insandır. Transfer edilən hər oyunçudan böyük gözləntilər olur. Emreli də həmin legionerlərdən biridir. Fikrimcə, o, 30 yaşında olsaydı belə, yüksək səviyyəli liqalara rahatlıqla uyğunlaşa bilər, uğurlu qrafik cızardı. Mən onun “Nürnberq”dəki performansını çox bəyənirəm. Əgər belə davam etsə, əsas heyət üzvünə çevriləcək. Bu da daha çox qol vurmaq şansı deməkdir. Ona çox inanıram”.
B.Lippertin sözlərinə görə, 27 yaşlı hücumçu “Nürnberq”in baş məşqçisi Miroslav Klozedən çox şey öyrənəcək: “Kloze dünya futbol tarixinin ən böyük hücumçularından biri olub. Mahir Emreli özünə hücum futboluna üstünlük verən məşqçi tapıb. Zənnimcə, onun gələcək inkişafında Klozenin çox əməyi olacaq. Emrelinin “Qroyter”lə keçirilən son oyunda vurduğu qol isə sadəcə, möhtəşəm idi. Onun inanılmaz zərbə texnikası var. Bunun davamını gətirməlidir. Əgər komandası çempion olarsa, azərbaycanlı futbolçunun güclü klublara yolu açılacaq”.
Qeyd edək ki, bu ilin avqust ayında Mahir Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.