DÜNYA
Almaniyanın Kansleri Olaf Şoltsun seçkiqabağı reytinqi ötən həftə ilə müqayisədə yüksəlib
Bakı, 18 noyabr, AZƏRTAC,
Almaniyanın hazırkı Federal Kansleri, Sosial Demokrat Partiyasının (SDP) lideri Olaf Şoltsun reytinqi daha əvvəlki anket sorğularının nəticələri ilə müqayisədə xeyli yüksəlib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, INSA İnstitutunun apardığı rəy sorğusuna qatılan respondentlərin 22 faizi seçkilərdə Kansler kimi Olaf Şoltsu görmək istədiyini bildirib. Bu göstərici bir həftə əvvəlki sorğuda 7 faiz az idi. Rəyi soruşulanların 30 faizi (əvvəlki sorğuda 31 faiz) Kansler vəzifəsinə birbaşa seçkilər olarsa Birliyin (CDU-CSU) lideri Fridrix Mertsə səs verə biləcəklərini ifadə ediblər. Yaşıllar Partiyasının Kansler vəzifəsinə namizədi Robert Habek ilə bağlı bu göstərici əvvəlki həftə ilə müqayisədə 2 faiz azalaraq 16 faiz olub.
Kansler vəzifəsinə namizədlərdən Fridrix Merts və Olaf Şolts arasında seçim etməli olacaqları təqdirdə respondentlərin 35 faizi birinciyə, 33 faizi isə hazırkı Baş nazirə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, SDP bu gün Berlində təşkil olunan konfransla seçki kampaniyasına başlayır. Kansler Olaf Şoltsun konfransda çıxışı nəzərdə tutulur. SDP bu tədbir sayəsində CDU-CSU ilə arasındakı fərqi aradan qaldırmaq istəyir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin