DÜNYA
Almaniyanın qərbindən minə yaxın şəxsin ölkəyə girişinə icazə verilməyib
Berlin, 26 oktyabr, AZƏRTAC
Almaniyanın qərbindəki sərhəd-keçid məntəqələrindən min nəfər geri qaytarılıb. Həmçinin ölkəyə 1700 icazəsiz giriş halı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu, alman federal polisinin yerli qəzetlərdən birinin sorğusu ilə əlaqədar açıqladığı və oktyabrın 20-dək olan statistik məlumatda yer alıb. Bildirilib ki, insan alveri ilə məşğul olan 30 nəfər də müəyyən edilib.
Federal daxili işlər naziri Nansi Fezerin qərarı ilə sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderlandla sərhədlərdə də yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır.
Qeyd edək ki, Almaniyanın Polşa, Çexiya, İsveçrə və Avstriya ilə sərhədlərində 2023-cü ilin oktyabrından bu il oktyabrın 20-dək olan müddətdə 57 min icazəsiz giriş halı aşkarlanıb. Təxminən 33 min nəfər geri qaytarılıb, 1400 insan alverçisi müəyyən edilib.
Federal polisin yoxlamaların ümumi nəticələri ilə bağlı hesabatının noyabrın 1-də açıqlanması gözlənilir.
Xatırladaq ki, Zolingen şəhərində 3 nəfərin ölümü, 8 nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumdan sonra ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə sərhəd yoxlamaları genişləndirilib. Bir neçə gün əvvəl isə parlamentdə miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin