Almatı ictimaiyyəti 20 Yanvar faciəsi haqqında məlumatlandırılıb
Almatı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi ilə bağlı faktların Qazaxıstan ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən bir sıra tədbirlər təşkil edilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəliyinin təşkil etdiyi tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib, qanlı hadisələrin görüntülərini əks etdirən film göstərilib.
Tədbirdə Qazaxıstan ziyalıları, Almatıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, “Jeltoksan akikatı” (“Dekabr həqiqətləri”) Qazaxıstan Respublika İctimai Birliyinin üzvləri, Azərbaycan, Türkiyə icmalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə səfirliyin Almatı üzrə nümayəndəsi Nizami Rüstəmov 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yerindən danışıb. Qeyd edib ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə təhsil alan və yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab edirlər.
Diqqətə çatdırılıb ki, hər bir azərbaycanlı 20 Yanvar hadisələrini milli matəm, hüzn günü kimi qeyd edir, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi.
“Jeltoksan akikatı” Qazaxıstan Respublika İctimai Birliyinin üzvləri Almatıda və Bakıda törədilmiş hadisələrin oxşarlığı barədə danışıb, bunu o zamankı Sovet İttifaqının dağılmasının ilkin təzahürləri kimi qiymətləndirib, həmin hadisələrin sovet hökuməti rəhbərliyinin milli respublikalara qarşı apardığı siyasətin nəticəsi olduğunu qeyd ediblər.
Vurğulanıb ki, 20 Yanvar müstəqillik uğrunda düşünülmüş şəkildə əliyalın tankların üzərinə yeriməyə özündə təpər tapan millətin şərəf günüdür. Bu gün Azərbaycan xalqının qan yaddaşında həkk olan gündür.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı