Sənaye və Energetika Nazirliyindən
AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları alternativ enerji mənbələrindən istifadə olunması sahəsində elmi-tədqiqat və layihə-konstruktor işləri aparmış, külək, günəş və biokütlədən enerji alınması sahəsində bir sıra layihələr hazırlamış, təcrübə-sınaq qurğuları yaradılmışdır. Günəş enerjisinin faydalı iş əmsalının artırılması sahəsində mühüm elmi-tədqiqat işləri yerinə yetirilmiş, ölkəmizin külək kadastrı işlənib hazırlanmış, Abşeron yarımadasında irimiqyaslı külək enerjisi qurğularının inşası üçün ərazilər seçilmiş və bu ərazilərdə külək enerjisinin fiziki və energetik parametrləri təyin edilmişdir. Abşeron yarımadası, Pirallahı adası, Güzdək, Giləzi və Şubanı bu cəhətdən daha əlverişli ərazilər hesab olunmuşdur. Bundan əlavə, külək elektrik stansiyalarının Samur-Dəvəçi, Xəzəryanı sahil, Qazax-Gəncə, Haçınohur-Ceyrançöl, Şirvan düzü və Kür-Araz ovalığı zonalarında, Daşkəsən rayonu və Naxçıvan MR-nın Culfa rayonu ərazisində yaradılması nəzərdə tutulur. Bu zonalarda ildə 2700-3000 saat ərzində küləyin sürəti 5-20 msan təşkil edir. Azərbaycanın külək enerjisi ehtiyatı 800 MVt-a yaxındır ki, bu da ildə 4 milyard kilovat-saat elektrik enerjisinə bərabərdir. Layihənin həyata keçirilməsi həm də ildə 1,0 milyon ton şərti yanacağa qənaət etməyə və ən əsası, ildə 3700 ton azon dağıdıcı karbon dioksidinin (CO2) atmosferə atılmasının qarşısının alınmasına imkan yaradacaqdır.
Mütəxəssislərin rəyinə görə, respublika ərazisində yaxın gələcəkdə ümumi gücü 300 MVt-a yaxın külək stansiyaları quraşdırmaq mümkündür. İl ərzində bu qurğuların hesabına 1,0 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək olar.
Azərbaycanın Qobustan rayonu ərazisində 30 meqavatlıq külək elektrik stansiyasının quraşdırılması barədə də texniki-iqtisadi əsaslandırma hazırlanmış, müəyyən təcrübələr aparılmışdır.