Alzas regionu ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Strasburq, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın Fransadakı, eyni zamanda, Müqəddəs Taxt-Tacda və Monakodakı səfiri Rəhman Mustafayev Strasburq şəhərinin merinin müavini Kristel Kohler ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində qarşılıqlı münasibətlərin uğurlu inkişafından danışılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına töhfəsindən, Azərbaycanın tolerantlıq və multikulturalizm sahələrindəki təcrübəsindən bəhs olunub.
Səfir R.Mustafayev Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin bərpa edildiyini xatırladıb.
Söhbət zamanı ölkəmizdə, xüsusilə Bakıda aparılan yenidənqurma və abadlıq işləri sahəsində əldə olunan nailiyyətlərə, Fransız-Azərbaycan Universiteti, eləcə də təhsil sahəsindəki əlaqələrə toxunulub.
Diplomat müsəlman Şərqində ilk demokratik respublika olan ölkəmizin 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşdığı diqqətə çatdırıb.
R.Mustafayev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Alstom şirkəti arasında imzalanan sazişin başlanğıcı kimi ilk lokomotivin ölkəmizə göndərildiyini və bu kontraktın Alzas regionu ilə ölkəmizin bölgələri arasındakı əlaqələrə böyük təkan verəcəyinə inandığını bildirib.
Kristel Kohler Azərbaycanın Strasburqda keçirilən beynəlxalq mədəniyyət tədbirlərində iştirak etməsini arzulayıb və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq