İDMAN
AMADA-nın şöbə müdiri “Antidoping Konvensiyası”nın Monitorinq qrupunun iclasında iştirak edib


Bakı, 3 oktyabr, AZƏRTAC
Avropa Şurasının (AŞ) “Antidoping Konvensiyası”nın Monitorinq qrupu (T-DO) Parisdə Elm üzrə Konsultativ qrupunun iclasını (T-DO SCI) keçirib.
Azərbaycan Milli Antidopinq agentliyinin (AMADA) mətbuat xidmətindən AZƏRTAC-a bidirilib ki, Fransa İdman, Olimpiya və Paralimpiya oyunları Nazirliyində keçirilən tədbirdə AMADA-nın Elm şöbəsinin müdiri Rüfət Əfəndiyev iştirak edib.
Görüşün əsas məqsədi antidopinq təşəbbüslərinin təşviqi və təmiz idmanın prinsipləri və dəyərlərinin möhkəmləndirilməsidir.
Görüşdə idmanda dopinqin qəbul edilməsi ilə mübarizənin geniş spektrinə toxunulub. Bu müzakirələr Avropa ölkələrində antidopinq laboratoriyalar şəbəkəsinin inkişafı haqqında yenilənmiş məlumatı, elmi tədqiqatların nəticələrinin təqdimatlarını, Ümumdünya Antidopinq Agentliyinin Qadağan olunmuş siyahısının müzakirəsini, gələcək Qadağan edilmiş siyahılara aid fikirləri, beynəlxalq standartların və Məcəllənin icmallarını, eləcə də digər müvafiq məsələlərin və mövzuların nəzərdən keçirilməsini, həmçinin gözlənilən görüşlərin planlaşdırılmasını əhatə edib.
Vurğulanıb ki, təmiz idman təkcə məqsəd deyil, həm də gələcək nəsillər qarşısında öhdəlikdir. İdmanda qadağan edilmiş maddələrin və üsulların tətbiq edilməsi ilə mübarizə idman intizamı və dözümlülüyü standartlarını artırır.
Görüşdə Azərbaycan, Avstraliya, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Latviya, Litva, Hollandiya, Norveç, Rumıniya, Serbiya, Slovakiya, İsveç, Böyük Britaniya və ABŞ-ı təmsil edən 20 ölkədən alimlər iştirak ediblər.