AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı şəhidlərinin xatirəsi yad edilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü XX əsrin ən böyük faciəsi sayılan Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə törədilmiş cinayət olduğunu bildirib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinlərə amansız işgəncələr verib, insanlığa sığmayan qətliam törədiblər.
Professor Firədun İbrahimov “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda məruzəsində mənfur qonşularımızın Xocalıda törətdikləri qırğında körpə uşaqlara, qocalara belə aman verilmədiyini vurğulayıb. Bildirilib ki, ermənilərin həyata keçirdikləri soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə rus və ingilis dillərində kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir. F.İbrahimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının məqsədyönlü fəaliyyət istiqamətlərindən də söhbət açıb.
Sonra “Xocalı - hamımızın dərdi”, “Erməni-rus ittifaqının xalqımıza qarşı yeritdiyi Xocalı soyqırımı”, “Xocalını unutmayacağıq”, “Xocalı yaddaşı” mövzularında məruzələr dinlənilib.
Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.