AMERİKA TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININ24-CÜ QURULTAYINDA AZƏRBAYCANLA BAĞLI GENİŞ MÜZAKİRƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, qurultayın “Müasir dünyada Azərbaycan dövləti: inkişaf perspektivləri” mövzusunda keçirilən hissəsində Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və mədəniyyət naziri Polad Bülbüloğlu çıxış etmişlər. Nazim İbrahimov Azərbaycan Respublikasında bugünkü vəziyyət, ölkədə aparılan siyasi, iqtisadi və demokratik islahatlar və onların nəticələrindən danışmışdır. O, Azərbaycan diasporunun formalaşması istiqamətində Prezident Heydər Əliyevin rəhbərliyi altında başlanmış məqsədyönlü siyasətin davamı kimi Komitə ilə işləyəcək ayrıca qurumun yaradılmasının vacibliyini vurğulamışdır.
Polad Bülbüloğlu TÜRKSOY təşkilatı adından çıxış edərək bildirmişdir ki, “türk dünyası” ifadəsinin sadəcə bir termin olmaması, güclü coğrafi-siyasi və strateji məna kəsb etməsi türk mənşəli xalqların birgə səylərinə bağlıdır. TÜRKSOY-un əsas məqsədi sayından və yaşadığı coğrafi məkandan asılı olmayaraq, türk soylu hər bir xalqın mənəvi irsinə, çağdaş mədəni varlığına sahib çıxmaqdır. Bu təşkilat türk dünyasının YUNESKO-su olmağı qarşısına məqsəd qoyur.
Sonra hər iki natiq qurultay iştirakçılarının Azərbaycanla bağlı suallarına cavab vermişlər.
Günün ikinci yarısında Azərbaycana dair müzakirələr ABŞ-da yaşayan Azərbaycan diasporu fəallarının çıxışları ilə davam etmişdir. Amerika Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri xatırlatmışdır ki, Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində ölkənin qarşılaşdığı çətin günlərdə Amerikada yaşayan soydaşlarımız bacardıqları yardımı göstərmişlər. Onlar humanitar yardım göndərmiş, Amerika işgüzar dairələrini Azərbaycana sərmayə qoymağa çağırmış, ABŞ hökumətinin gənc Azərbaycan Respublikasına yardım göstərməsi üçün lobbiçilik etmişlər. Bugünkü Azərbaycanla fəxr etdiyini deyən Tomris Azəri Prezident Heydər Əliyevin dövlət quruculuğundakı böyük xidmətlərini vurğulamışdır. O, ümidvar olduğunu bildirmişdir ki, Prezident İlham Əliyev atasının siyasi xəttini davam etdirərək, Amerika və Türkiyə ilə daha yaxın əlaqələr quracaqdır.
Müzakirələrdə çıxış edən jurnalist Tomas Qolts, Kanadanın Makmaster Universitetinin professoru İlham Axundov, Texas ştatının sakini Beydulla Manafov, Azərbaycan-Amerika Şurasının prezidenti Ceyhun Mollazadə ölkəmizin müstəqillik qazandıqdan bəri keçdiyi yolu təhlil etmiş, Azərbaycanda islahatların uğurla həyata keçirildiyini vurğulamışlar.
Qurultay çərçivəsində Azərbaycan nümayəndə heyəti şərəfinə verilən naharda respublikamızın Vaşinqtondakı səfiri Hafiz Paşayev çıxış etmişdir. O, ölkəmizin xarici siyasətinin öncül istiqamətləri, Ermənistan-Azərbaycan münaqişəsindəki vəziyyət, Prezident İlham Əliyevin bu vəzifədə ilk addımları barədə ətraflı məlumat vermişdir.
Daha sonra qurultay türk dili və türk soylu xalqların dilləri mövzusunda müzakirələrlə davam etmişdir. Milli Məclisin deputatı Rafael Hüseynov çıxışında ortaq türk əlifbasına dair fikirlərini bölüşmüşdür. O demişdir ki, türk soylu xalqların dili bir-birinə daha yaxın olmalıdır.
Qurultayın Azərbaycana həsr edilən günü incəsənət ustalarımızın çıxışı ilə yekunlaşmışdır. Müğam ustası Səkinə İsmayılova, estrada müğənniləri Zülfiyyə Xanbabayeva və Tünzalə Ağayeva, Dövlət Rəqs Ansamblının solistləri Azərbaycan musiqisi və rəqslərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.