AMERİKADAN SEYSMİK STANSİYA ALINACAQDIR
ARDNŞ-in Geofizika və Geologiya İdarəsi ilə Amerikanın İnput/Output şirkəti arasında 3600 kanallı seysmik stansiya və 5 ədəd avtomatik naviqasiya sistemi ilə təchiz edilmiş vibrator alınması haqqında razılaşma əldə edilmişdir. İdarənin rəisi Taleh Həsənovun sözlərinə görə, razılaşma əsasında əldə ediləcək texnika və texnologiya Geofizika və Geologiya İdarəsinə istər Azərbaycanda, istərsə də xarici ölkələrdə fəaliyyət göstərən neft şirkətlərinin seysmik kəşfiyyat üçün elan etdikləri tenderlərdə iştirak etmək və qalib gəlmək imkanı verəcəkdir. Bu razılaşma Azərbaycan geofizikasının yeni bir inkişaf mərhələsinə keçməsinə təkan olacaqdır. Yeni texnika və texnologiyanı mənimsəmək üçün İdarənin kifayət qədər kadr potensialı vardır. İdarə rəisinin bildirdiyinə görə, ARDNŞ-in Geofizika və Geologiya İdarəsi ilə İnput/Output şirkəti arasında müvafiq sazişin yaxın günlərdə imzalanacağı gözlənilir.
Müəssisə xarici şirkətlərin elan etdikləri tenderlərdə uğurla iştirak etməkdə, bir sıra əməliyyat şirkətlərinin seysmik kəşfiyyat və mədən geofizikası işləri üzrə sifarişlərini yerinə yetirməkdə, eləcə də texniki və texnoloji imkanlarını müasir səviyyəyə çatdırmaqda İdarəyə lazımi dəstək verir. 2015-ci ilə qədərki dövrdə geofizika və geologiyanın kompleks inkişaf proqramının həyata keçirilməsi tədbirlərinin icrasına başlanması Geofizika və Geologiya İdarəsinin fəaliyyətində əsaslı dönüş yaradacaqdır.