Amin Məmmədov: Ermənistanın hərəkətlərindən bir çox ekofəallar və beynəlxalq ekspertlər dəhşətə gəlib

Bakı, 27 fevral, AZƏRTAC
Ermənistan və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalı, bütün bölgənin zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov QHT-lərin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına dair topoqrafik və kosmik görüntülü rəqəmsal xəritəsinin təqdimat mərasimində deyib.
"Azərbaycan QHT-lərinin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı açdığı cəbhə dünyanın ən müxtəlif ölkələrindəki ekoloji təşkilatları tərəfindən alqışlanıb. Biz davamlı dəstək mesajları alırıq. 2024-cü ilin mayında Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Forumunda, sentyabrda ABŞ-da BMT-nin Gələcəyin Sammiti toplantısında, noyabrda COP29-da biz bu barədə geniş iş aparmışıq. Ermənistanın hərəkətlərindən bir çox ekofəallar və beynəlxalq ekspertlər dəhşətə gəlib”.
Amin Məmmədov artıq İran mediasında da mövzunun müzakirəsinin başlandığını deyib: “Bu günlərdə İranın ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri olan “Pəyam-e ma” qəzeti Araz çayının çirklənməsi ilə bağlı geniş hesabat dərc edib. Hesabatda açıq yazılır ki, Araz çayı 59 ağır metalla yüksək dərəcədə çirkləndirilib. Suyu çirkləndirən əsas elementlər alüminium, arsen, mis, manqan, molibden, qurğuşun və vanadiumdur, bunlar əsasən Ermənistanın dağ-mədən müəssisələrindən qaynaqlanır”.
O xatırladıb ki, 2024-cü ildə Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İranın Mədən Evinin sədri Məhəmmədrza Bəhramən də Ermənistanın mis mədənlərinin tullantı sularının Araz çayına axıdıldığını dilə gətirib.