“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 46 nömrəli məktəbdə tədbir
Bakı, 9 aprel. AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Monitorinq Mərkəzindən məlumat verilib. Mərkəzin direktoru professor Sevinc Əliyeva “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində növbəti tədbirin 46 nömrəli məktəbdə təşkili üçün bu təhsil müəssisəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Tədbirin Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamının imzalandığı günlə eyni tarixə təsadüf etdiyini nəzərə çatdıraraq ölkə rəhbərinin dilimizə daim qayğı və həssaslıqla yanaşdığını xüsusi vurğulayıb.
Tədbirdə Azərbaycan dilinin düzgün tətbiqi, orta məktəblərdə ana dilinin tədrisi, şagirdlərin Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişaf etdirilməsi və digər mövzular müzakirə edilib.
Mütəxəssis Gülnar İsmayılovanın keçdiyi interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Şagirdlərin səsləndirdiyi şeir nümunələri böyük maraqla qarşılanıb, Mərkəzin əməkdaşları tərəfindən təqdir olunub.
Tədbirdə Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova, mütəxəssislər Günel Cəbrayılova və Vüqar Qurbanov, həmçinin 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova və müəllim-şagird heyəti iştirak ediblər.