“Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgiyə hazırlıq işləri davam edir
Bakı, 16 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgiyə hazırlıq işləri davam edir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, sərginin təşkilində məqsəd 44 günlük Vətən müharibəsini əks etdirməkdir. Hazırda müharibəyə aid bütün növ eksponatların toplanması işi, eyni zamanda, müvafiq informasiya panelləri və stendlərin hazırlanması davam edir. Artıq 73 şəhidə və onlarla qaziyə aid eksponatlar muzeyə təhvil verilib.
Həmçinin dövlət orqanları tərəfindən çoxlu sayda eksponat təqdim edilib. Onların sırasında Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş eksponatlar xüsusi qeyd olunmalıdır.
Ekspozisiyada döyüş əməliyyatları gedən bölgələrdən götürülmüş silah-sursat qalıqları, raket və mərmi fraqmentləri, düşməndən götürülmüş bir sıra qənimətlər nümayiş olunacaq. Sərginin tərkib hissəsi kimi “Ermənistanın dövlət terrorizmi” adlı fotosərgi də hazırlanır. Burada altı yerli fotoqraf tərəfindən döyüş bölgələrində və işğaldan azad olunmuş torpaqlarda çəkilmiş fotoşəkillər təqdim olunacaq.
Muzey tərəfindən Vətən müharibəsi ilə bağlı hərbi geyimlər, sənədlər, fotolar, şəxsi əşyaların toplanılması davam edir. Tezliklə sərgi tamaşaçıların ixtiyarına veriləcək.