Anar Quliyev: “Yüksəliş” müsabiqəsi ölkənin gələcək idarəçilik potensialının gücləndirilməsi məqsədlərinə xidmət edir VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Bu gün dünya böyük dəyişikliklər dövrünü yaşayır. Texnologiyalar inkişaf edir, iqtisadi münasibətlər dəyişir, yeni peşələr yaranır və çağırışlar meydana çıxır. Belə bir mühitdə əsas amil təbii resurslar və ya coğrafi mövqe deyil, insan kapitalıdır. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində insan kapitalının inkişafı xüsusi yer tutur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O qeyd edib ki, təhsilə, gənclərə, peşəkar kadrların hazırlanmasına, müasir dövlət institutlarının formalaşdırılmasına göstərilən ardıcıl diqqət Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsidir: “Yüksəliş” müsabiqəsi istedadlı insanların üzə çıxarılması, onların inkişafına dəstək və ölkənin gələcək idarəçilik potensialının gücləndirilməsi məqsədlərinə xidmət edir”.
Komitə sədrinin sözlərinə görə, bu gün dünyada şəhərlər iqtisadi inkişafın, innovasiyanın, texnoloji tərəqqinin və sosial transformasiyanın əsas mərkəzlərinə çevrilib: “Hazırda dünya əhalisinin təxminən 55 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər 70 faizədək yüksələcəyi proqnozlaşdırılır. Bu sürətli urbanizasiya prosesi şəhərlərin planlaşdırılması, idarə olunması və inkişafına daha müasir və insan mərkəzli yanaşmaların tətbiqini zəruri edir.
Qlobal çağırışlar fonunda Azərbaycan Prezidentinin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması xüsusi əhəmiyyət daşıyır. Bu qərar Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində həyata keçirdiyi islahatların, müasir planlaşdırma yanaşmalarının və beynəlxalq əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduğunu əks etdirir.
Azərbaycanın son illərdə həyata keçirdiyi şəhərsalma layihələri bu strateji yanaşmanın konkret nəticələridir. İşğaldan azad edilmiş ərazilərdə sıfırdan inşa olunan şəhər və kəndlər, “ağıllı şəhər”, “ağıllı kənd” yanaşmalarının tətbiqi, yaşıl enerji həllərinin inteqrasiyası, müasir Baş planların hazırlanması və rəqəmsal şəhərsalma alətlərinin tətbiqi ölkəmizdə dayanıqlı və innovativ inkişaf prinsiplərinə əsaslanan yeni şəhərsalma modelinin formalaşdığını təsdiqləyir. Bu modelin uğuru isə, ilk növbədə, yüksəkixtisaslı mütəxəssislərdən, yaradıcı düşüncəyə malik peşəkar kadrlardan və güclü liderlik potensialından asılıdır", - deyə komitə sədri diqqətə çatdırıb.