Anar Seyfullayev: Səhnə əsərində klassik üslubla müasir yanaşma vəhdət təşkil edir
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasına ötən mövsümdən etibarən, təxminən bir ilə yaxın müddətdə hazırlaşmışıq. Premyeradan sonra gördük ki, çəkdiyimiz zəhmət hədər getməyib. Tamaşaçıların müsbət rəyləri və xoş təəssüratları bizi çox sevindirdi və əməyimizin bəhrəsini gördüyümüzü hiss etdik.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Seyfullayev deyib.
O diqqətə çatdırıb ki, tamaşanın əsas ideyası milli dəyərlərimizi, adət-ənənələrimizi qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini çatdırmaqdır. Səhnə əsərində klassik üslubla müasir yanaşmanın vəhdət təşkil etdiyini vurğulayan A.Seyfullayev deyib: “Tamaşada Heydər bəy obrazını canlandırıram. Heydər bəyin sevdiyi qızla qovuşmasına atası Hacı Salman əvvəlcə razı olmur. Lakin onun iradəsi, dostları Əsgər və Səfər bəylərin, eləcə də Hacı Qaranın dəstəyi sayəsində həqiqi sevgi qalib gəlir. Tamaşanın gənclərə verdiyi əsas mesaj da budur: İnsan həqiqi sevgisinə sadiq qalmalı, maddi maraqlara və ya başqa amillərə görə öz hisslərindən imtina etməməlidir”.
Müxbir – Fidan Əlizadə