MƏDƏNİYYƏT
Anım Günü haqqında “Wikipedia”da özbək dilində bölmə istifadəyə verilib




Bakı, 27 sentyabr, AZƏRTAC
Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 27 sentyabr - Vətən müharibəsinin başladığı ilk günün qeyd edildiyi Anım Günü haqqında “Xotira kuni (Ozarbayjon)” adlı bölmə istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin "Wikipedia" heyəti tərəfindən yaradılmış bölmədə Azərbaycanda hər ilin 27 sentyabr tarixində ildönümü dövlət səviyyəsində qeyd edilən Anım Günü haqqında məlumat verilib. Məlumatda bu günün Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə keçirildiyi və bununla bağlı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edildiyi vurğulanıb.
Ümumilikdə 6 bölmədən və zəngin istinad siyahısından, keçidlərdən ibarət vikiməqalədə Anım Gününün mahiyyəti, Azərbaycan dövlətinin tarixindəki əhəmiyyətindən söz açılaraq, bu günün Azərbaycan xalqının taleyində böyük taleyüklü bir hadisə olması qeyd olunur.
Bölmədə, eyni zamanda, İkinci Qarabağ müharibəsinin başlanması haqqında məlumat verilərək 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar haqqında da məlumat verilib.
“Wikipedia" Elektron Ensiklopediyasında Anım Günü haqqında özbək dilində bölmə ilə https://uz.wikipedia.org/wiki/Xotira_kuni_(Ozarbayjon) adlı linkdə tanış olmaq mümkündür.