REGİONLAR
Anım Günü ilə əlaqədar Şirvanda ümumşəhər tədbiri keçirilib















Şirvan, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şirvanda da ümumşəhər anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Şəhidlər xiyabanında davam edən tədbirdə Birinci Qarabağ müharibəsində itkin düşmüş Şirvan şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə tər güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Sonra şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında Anım Gününə həsr olunan ümumşəhər tədbiri keçirilib.
Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, müharibənin başladığı günün Anım Günü kimi qeyd edilməsinin şəhidlərə ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı Qələbəsinin şahidi olduğu, Vətənimizin ərazi bütövlüyünü bərpa edildiyi vurğulanıb. Eyni zamanda, ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyi, onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyü bildirilib.
Digər çıxış edənlər 44 günlük Vətən müharibəsində qalib Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruq” kimi möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından bəhs ediblər.
Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Daha sonra el qəbiristanlığında şəhid məzarları ziyarət edilib.
Tədbir iştirakçıları, həmçinin Birinci Qarabağ müharibəsində şəhid olan Milli qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edib, xatirələrini ehtiramla anıblar. Büstlərin önündə Milli qəhrəmanların ailə üzvləri, təhsil aldıqları məktəblərin müəllimləri onların həyat və fəaliyyətləri, göstərdikləri şücaətlər barədə məlumat veriblər.