Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycan Ağsaqqallar Şurasında olub
Bakı, 10 mart, AZƏRTAC
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycan Ağsaqqallar Şurasında olub.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, sədr müavini, deputat, professor Eldar İbrahimov, Aparat rəhbəri Ramin Həsənli, həmçinin Ankara Universitetinin Siyasi elmlər fakültəsinin dekanı Orhan Çelik və rektorun müşaviri Ümmet Artuç iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüş zamanı qardaş Türkiyə və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən razılıqla bəhs olunub, həmçinin bir sıra sahələr üzrə, o cümlədən təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Eldar Quliyev qardaş ölkədə çoxsaylı insan itkisi ilə nəticələnən zəlzələ zamanı həlak olanların xatirəsini bir daha ehtiramla yad edərək, Uca Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara şəfa diləyib. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın Türkiyənin yanında olduğunu və dəstəyini əsirgəmədiyini vurğulayıb. Qardaş ölkədə zəlzələ ilə bağlı yaranan çətinliklərdən söz açaraq əmin olduğunu bildirib ki, Türkiyə tezliklə bu problemlərin də öhdəsindən gələcək. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardığı uğurlu xarici siyasət nəticəsində iki ölkə arasındakı əlaqələrin daha da genişlənəcəyini qeyd edib.
Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti haqqında da məlumat verilib, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Ağsaqqallar Şuraları arasındakı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar səmimi görüşə görə təşəkkür edərək, qardaş Azərbaycan ilə hər bir sahədə daim əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Sonra qonaqlar Azərbaycan Ağsaqqallar Şurasında yaradılan şəraitlə tanış olublar.