ANKARADA XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MİTİNQ VƏ SƏRGİ KEÇİRİLMİŞDİR
Milli Məclisin deputatı Qənirə Paşayeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Xocalı faciəsinin 14-cü ildönümü ilə əlaqədar müraciətini oxudu.
Tədbirdə çıxış edən Ankaranın Keçiörən bələdiyyə başqanı Turqut Altınok Xocalıda ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin bütün türk dünyasına qarşı təcavüz olduğunu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş Türkiyənin hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini söylədi.
Milli Məclisin deputatları Elman Məmmədov və Havva Məmmədova ermənilərin Xocalı şəhərində və Azərbaycanın işğal olunmuş digər torpaqlarında törətdikləri qırğınların bütün insanlığa qarşı ağır cinayət olduğunu vurğuladılar, xalqımızı daim dəstəklədiyinə görə qardaş Türkiyəyə minnətdarlıqlarını bildirdilər. Ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov Xocalı faciəsinin soyqırımı kimi dünyada tanıdılması istiqamətində Türkiyə və Azərbaycanın apardığı məqsədyönlü fəaliyyətin bundan sonra da uğurla davam etdirilməsinin zəruriliyini vurğuladı.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Əbədi məşəllərin açılış mərasimində iştirak etdilər. Əbədi məşəlləri səfir Zakir Həşimov və bələdiyyə başqanı Turqut Altınok alovlandırdılar.
Sonda Türkiyə ictimaiyyətinin nümayəndələri, Ankaradakı diplomatik korpusun təmsilçiləri Heydər Əliyev Fondunun və Azərbaycan səfirliyinin Esterqon Türk Mədəniyyət Mərkəzində təşkil etdikləri, Xocalı faciəsinin dəhşətlərindən bəhs edən sərgi ilə tanış oldular. Burada Xocalı qırğınından bəhs edən sənədli film nümayiş etdirildi.