Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Ankara, 8 may, AZƏRTAC
Mayın 8-də Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlətçiliyinin memarının xatirəsini ehtiramla yad etmək üçün diplomatlar, Heydər Əliyev məktəbinin şagird və müəllimləri, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri parka toplaşıblar.
Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova iştirakçılar qarşısında çıxış edərək böyük dövlət xadiminin keçdiyi həyat yolundan, ölkəmizin təşəkkülü və möhkəmlənməsində misilsiz xidmətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın uğurları və nailiyyətləri Heydər Əliyevin adı ilə qırılmaz şəkildə bağlıdır və onun kursunu dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir.
Təhsil müşaviri gəncləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə əməl etməyə çağırıb, iki qardaş ölkəni birləşdirən əlaqələrin ayrılmaz olduğunu vurğulayıb.
Tədbir Azərbaycanın Ümummilli Liderinin irsi mövzusunda keçirilən müsabiqədə ən yaxşı inşa yazısının müəllifi seçilmiş Heydər Əliyev adına məktəbin 6-cı sinif şagirdi Yanka Cemre Koçakın çıxışı ilə davam edib.
Təhsil ocağının müxtəlif sinif şagirdlərinin rəqs nömrələri gurultulu alqışlarla qarşılanıb.
Tədbirdə, həmçinin ölkəmizin Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin Zəngəzur rəqs qrupunun çıxışı olub. Məktəblilərin Türkiyə-Azərbaycan dostluğu və Heydər Əliyevin xatirəsi mövzusunda çəkdikləri rəsmlər sərgilənib.
Heydər Əliyevin irsi, liderliyi və həyat yolu mövzusunda inşa, rəsm və şeir müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara