Ankaranın Kızılcahamam rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Ankara, 27 fevral (AZƏRTAC). Ankaranın Kızılcahamam rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
Azərbaycanın Türkiyədəki səfirliyi və Kızılcahamam bələdiyyəsinin təşkil etdikləri tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları Yaqub Mahmudov və Musa Qasımlı, Ankaranın Kızılcahamam bələdiyyəsinin sədri Coşkun Ünal, diaspor təşkilatlarımızın və ictimaiyyətin nümayəndələri, Ankarada təhsil alan tələbələrimiz iştirak etmişlər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış müfəssəl sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə Ankaranın Kızılcahamam bələdiyyəsinin sədri Coşkun Ünal, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Yaqub Mahmudov, Musa Qasımlı, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı, torpaqlarımızın işğalından danışmışlar.
Sonra tədbir iştirakçılarına səfirliyimiz və Kızılcahamam bələdiyyəsinin dəstəyi ilə inşası davam etdirilən Xocalı soyqırımı abidəsi ilə bağlı məlumat verilmişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgi ilə də tanış olmuşlar.
Ankarada keçirilmiş bütün tədbirlərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində imzalar toplanmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara