ANTALYADA BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ KONQRESİ BAŞA ÇATMIŞDIR
Konqres çərçivəsində Azərbaycan nümayəndələri 2005-ci il oktyabrın 3-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə 27-ci dünya çempionatının təqdimatını təşkil etmişlər. Konqres iştirakçılarına Bakı haqqında videofilm nümayiş etdirilmiş, qarşıdakı yarışlar barədə ətraflı məlumat verən informasiya bülleteni paylanmışdır. Milli federasiyaların nümayəndə heyətləri bu təqdimata böyük maraq göstərmiş, FIG rəhbərliyi isə Bakıda dünya çempionatının ən yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirmişdir.
Konqres FIG-in 2006-cı ildə keçiriləcək 125 illik yübileyinə hazırlıq görülməsini bu təşkilatın baş katibi səlahiyyətlərini üzərindən götürmüş Norber Bueşə həvalə etmişdir. Onun müavini Andre Qaysbuxler gələn ildən FIG-in yeni baş katibi olacaqdır. Beynəlxalq Gimnastika Federasiyasının növbəti, 76-cı Konqresi 2006-cı ildə Cenevrədə keçiriləcəkdir.