Antonio Quterreş təbiətlə müharibəni dayandırmağa çağırıb
Bakı, 19 yanvar, AZƏRTAC
Kömürdən istifadəni mərhələ-mərhələ dayandırmaq, “bərpaolunan enerji sahəsində inqilaba” təkan vermək, qazıntı şəklində çıxarılan yanacaqdan asılılığa son qoymaq və təbiətlə müharibəni dayandırmaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Davosdakı Dünya İqtisadi Forumunda “Dünyadakı vəziyyət barədə” məruzə ilə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, inkişaf etmiş ölkələr inkişafda olan ölkələri iqlim dəyişikliyi ilə mübarizədə dəstəkləmək üçün nəhayət ildə 100 milyard dollar ayırmağa başlamalıdır. Uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi həcmi Şarm-el-Şeyxdəki İqlim Konfransında götürülən öhdəliklərə müvafiq olaraq iki dəfə artırılmalıdır.
Quterreş xatırladıb ki, ən böyük çirkləndiricilər - “Böyük iyirmilik” ölkələri temperaturun 1,5 dərəcədən çox artmasına yol verməmək məqsədinə sadiq qalmaq üçün İqlim Həmrəyliyi Paktı ətrafında birləşməlidirlər.
BMT başçısı hesab edir ki, inkişafda olan və inkişaf etmiş ölkələr məsuliyyəti bir-birinə ötürəcəkləri təqdirdə bu məqsədə nail olmaq mümkün olmayacaq. Energetik keçidi sürətləndirmək üçün maliyyə və texnoloji da daxil olmaqla imkanları birləşdirmək lazımdır.
Antonio Quterreş, həmçinin bu səylərə özəl sektorun cəlb edilməsi zəruriliyini qeyd edib və Davosda keçirilən forum iştirakçılarını “Sıfır emissiya üzrə öhdəliklər”də yer alan prinsiplərə riayət etməyə çağırıb.