Aprel döyüşləri həm hərbi, həm də tarixi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir
Bakı, 1 aprel, AZƏRTAC
2016-cı ilin Aprel döyüşləri və bu döyüşlər zamanı Azərbaycan Ordusunun qazandığı qələbə həm hərbi, həm də tarixi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənə öz gücünü, qüdrətini göstərdi, işğalçıların keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə yardı.
Ordumuzun Aprel döyüşləri zamanı ortaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi.
Bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində 2016-cı il Aprel döyüşlərinin mühüm tarixi və hərbi həmiyyəti barədə danışarkən deyib.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Aprel döyüşləri, əslində, düşmənə ibrət dərsi olmalı idi. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər onlar Aprel döyüşlərindən ibrət götürsəydilər, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibarilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdilər. Aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd göstərən Ermənistanın davamlı təxribatları 44 günlük Vətən müharibəsi ilə nəticələndi. Bu da işğalçı ordunun darmadağın edilməsinə gətirib çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli əks-hücum əməliyyatları nəticəsində düşmən kapitulyasiya aktı imzalamağa məcbur oldu. Müharibədə Ermənistanın hərbi potensialının 80 faizi məhv edildi.
“Aprel döyüşlərinin beşinci ildönümünü qeyd edirik. Torpaqlarımız artıq düşmən tapdağından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə, bu gün deyil, on illiklər boyu da Aprel döyüşləri, ordumuzun göstərdiyi qəhrəmanlıqlar qürur hissi ilə xatırlanacaq. Biz veteranlar bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Bu qəhrəmanların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.