Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən böyük zəfərin başlanğıcıdır
Ağdam, 3 mart, AZƏRTAC
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin təməli beş il əvvəl qoyulub. 2016-cı il Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən böyük zəfərin başlanğıcıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağdam və Laçın rayonlarının Tarix-Diyarşünaslıq muzeyləri və Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Böyük zəfərin başlanğıcı - Aprel döyüşləri” adlı onlayn tədbirdə səsləndirilib.
Ağdam və Laçın rayonlarının muzey əməkdaşlarının, mədəniyyət işçilərinin, Qazax, Yevlax, Füzuli rayon Tarix-Diyarşünaslıq muzeylərinin, Qazax rayon Heydər Əliyev Mərkəzinin rəhbərlərinin iştirak etdiyi tədbirdə əvvəlcə, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst olundu.
Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva, Ağdam rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Yevlax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Mikayılova, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Xalisə Məmmədova çıxış edərək, 2016-cı il Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, hərbçilərimizin şücaətindən danışıblar. Aprel döyüşlərində, eləcə də torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibədə qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən diplomatiyası, uğurlu daxili və xarici siyasəti, silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması və xalqımızın birliyi nəticəsində mümkün olduğu bildirilib.