REGİONLAR
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
Bakı, 19 yanvar, AZƏRTAC
Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditlərin verilməsi, heyvandarlıq təsərrüfatının inkişafı üçün güzəştlər, güzəştli şərtlərlə texnika alışı, əkin subsidiyası və digər məsələlərlə bağlı olub.
AKİA-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daha sonra AKİA sədri yerli təsərrüfatlara baxış keçirib. Novosaratovka kəndində fermer Rafiq Tağıyevə məxsus heyvandarlıq təsərrüfatında iribuynuzlu mal-qara, həmçinin əkin sahələrinin vəziyyəti ilə tanış olan Seymur Mövlayev fermerin ehtiyacları ilə maraqlanıb, ona dövlət tərəfindən göstərilə biləcək dəstəklər barədə məlumat verib.
Slavyanka kəndində Akif Ələsgərova məxsus heyvandarlıq təsərrüfatında da olan AKİA sədri fermerə əlavə dövlət dəstəklərindən danışıb, ona kömək göstərilməsi üçün yerində müvafiq tapşırıqlar verib.
Seymur Mövlayev vətəndaşlarla görüş zamanı aqrar sahə ilə bağlı imzalanan sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.