İQTİSADİYYAT
Aqrar məsləhət xidmətləri üzrə milli forum işə başlayıb
Bakı, 31 yanvar, AZƏRTAC
Yanvarın 31-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti çərçivəsində Azərbaycanda Aqrar məsləhət xidmətləri üzrə milli forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forumda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Forumun əsas məqsədinin Azərbaycanda aqrar məsləhət xidməti sistemi üçün təcrübələri, yanaşmaları paylaşmaq və ümumi prioritetləri müəyyən etmək olduğunu deyib.
Forum FAO-nun təşkilati dəstəyi və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin yekununa həsr olunub. Milli Forumda dövlət və özəl sektoru təmsil edən tərəflərlə birgə aqrar məsləhət xidmətləri üzrə yeni model və strategiya müzakirə olunacaq.
Layihə çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə dövlət siyasətinə dəstək, beşillik strategiya, seçilmiş pilot Quba-Xaçmaz və Gəncə-Qazax regionları üzrə üçillik proqramlar, hüquqi bazanın yaradılması, regionların aqrar xəritələşməsi və digər sahələr üzrə fəaliyyətlər həyata keçirilib. Bununla yanaşı, yeni aqrar məsləhət xidməti modeli çərçivəsində aqrar məsləhət xidmətini əlçatan edən əmtəə əsaslı məsləhət platformaları təşkil olunub.
Həmçinin Aqrar Təlim Mərkəzinin və Regional Təlim mərkəzlərinin əməkdaşlarına təlimlər keçirilib, fermerlərə məsləhət xidmətləri göstərilib, fermerlər müasir avadanlıq və suvarma sistemləri ilə təmin olunub.