AQTİ “Ulduz-reytinq” layihəsini davam etdirir
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Günaydın” restoranında qiymətləndirmə aparılıb.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan yoxlamaların nəticələrinə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və restorana ən yüksək göstərici sayılan “5 ulduz” sertifikatı təqdim olunub.
Bildirilib ki, “Ulduz-reytinq” layihəsi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğun obyektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutur. Qiymətləndirmə nəticələrinə əsasən, müəssisələr 3, 4 və ya 5 ulduzla dəyərləndirilir. Həmin yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.
Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub. Qiymətləndirmə nəticələrinə əsasən, artıq 5 restoran ən yüksək nəticə əldə edərək “5 ulduz” sertifikatına layiq görülüb. Bu isə həmin müəssisələrdə yüksək sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu göstərir.
Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. İaşə obyektləri layihədə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərə bilərlər.
Əlavə məlumat almaq və ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinq sistemi ilə tanış olmaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərlər.