Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 35 santimetr artıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli yağışlar nəticəsində respublika çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 150-160, Lənkəran-Astara bölgəsi çaylarında 110-120 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, sentyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 75 kubmetr olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 150 kubmetr olmaqla ongünlük normanın 108 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 19,5 kubmetr olmaqla, ongünlük normanın 20 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 73 kubmetr təşkil edərək ongünlük normanın 76 faizinə bərabər olub.
Sentyabrın 29-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 34, Şirvanda 30, Salyanda 7, Araz çayının Novruzlu məntəqəsində 35 santimetr artım, Bankədə isə 11 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 364 (2016-cı il sentyabrın 29-da 475 sm), Şirvanda 221, Salyanda 147 (2016-cı il sentyabrın 29-da 325 sm), Bankədə 201 (2016-cı il sentyabrın 29-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr (2016-cı il sentyabrın 29-da 193 sm) təşkil edir.