İDMAN
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib

Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VIII turu “Araz-Naxçıvan” komandası üçün əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatının yüksək dəstəsində 50-ci matçını keçirib.
Bu, “Zirə” ilə ev qarşılaşmasına təsadüf edib. Görüşdə minimal hesablı qələbə qazanan meydan sahibləri yubileydə üç xala seviniblər – 1:0.
2000/2001 və 2001/2002-ci illər mövsümündə də Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” 3-cü dəfə elitada mübarizə aparır. 2014/2015-ci illər mövsümündə Premyer Liqada yarışa başlayan komanda mübarizəni erkən dayandırdığı üçün həmin nəticələr ləğv edilib.
50 qarşılaşmada 14 qələbə və 9 heç-heçəsi olan naxçıvanlılar 27 dəfə uduzub. Komandanın debütü isə 2000-ci il avqustun 5-də gerçəkləşib.
“Qarabağ”ın qonağı olan “Araz-Naxçıvan” səfərdən xalsız qayıdıb – 0:1.