ARDNŞ ekologiya sahəsində maarifləndirmə və təbliğat işlərinə ciddi önəm verir
Bakı, 4 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) respublikamızın bütün ərazisində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın, qaz kondensatının emalı və nəqli ilə məşğul olur. ARDNŞ ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması sahəsində də beynəlxalq normalara cavab verən tədbirlər həyata keçirir.
Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: Ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgidə ARDNŞ geniş təmsil olunmuşdur. Sərgidə şirkətin çirklənmiş ərazilərin bərpası, tullantıların idarə olunması, ekoloji monitorinq, yaşıllaşdırma və digər ekoloji layihələri barədə məlumatlar verilmişdir.
ARDNŞ Ekologiya idarəsinin rəisi Azər Əliyev AZƏRTAC-a bildirmişdir ki, Xəzər dənizinin Azərbaycana mənsub bölməsində yerləşən neft-qaz yataqlarında daim monitorinq tədqiqatları aparılır. Bu tədqiqatlar dənizin vəziyyətində baş verən proseslərin vaxtında aşkarlanması, həmin proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınmasına xidmət edir. İstehsalat prosesi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi, baş verən ekoloji proseslərin dinamikasının tədqiq edilərək proqnoz verilməsi də şirkətin qarşısında qoyulan əsas vəzifələrdən biridir.
A.Əliyev demişdir ki, ARDNŞ ekoloji maarifləndirmə və təbliğat məsələlərinə də geniş yer ayırır. Bu baxımdan Ekologiya İdarəsi həm şirkətin əməkdaşları, həm də orta və ali tədris müəssisələrinin şagird və tələbələri üçün ekologiya üzrə seminarların, iməciliklər və müsabiqələrin təşkili, beynəlxalq təşkilatlarla “dəyirmi masa”ların keçirilməsi işində əhəmiyyətli rol oynayır. Bu tədbirlər ekoloji təbliğat və tərbiyələndirmə vasitəsi olmaqla, əhalinin düşüncə və yaşayış tərzinin dəyişdirilməsinə, dünya görüşünün ekoloji cəhətdən formalaşmasına yönəldilmişdir.