Argentinada Azərbaycanın turizm sektorunun təşviqi ilə bağlı seminar keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən “Odlar diyarı Azərbaycan: Minillik mədəniyyət, müxtəliflik, arxitektura, müasirlik” mövzusunda keçirilən seminarda ölkəmizin turizm imkanları təqdim edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsinə Türk Hava Yollarının Argentinadakı nümayəndəliyi təşkilati dəstək verib. Argentina Turizm Nazirliyinin, ölkənin aparıcı tur operatorlarının və müvafiq kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri seminarın məqsədi Azərbaycanın turizm imkanlarının təqdimatı və argentinalı turistlərin Azərbaycana cəlb edilməsi olub.
Tədbirdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskez çıxış ediblər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, arxitekturası, mədəni müxtəlifliyi, milli mətbəxi, ölkədə turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, müasir turizm infrastrukturu, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycanı dünyanın müxtəlif istiqamətləri ilə bağlayan uçuşlar, o cümlədən son illərdə Argentinadan Türkiyəyə turist axınının sürətlə artdığını nəzərə alaraq, Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilib.
Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli mətbəximiz təqdim edilib, habelə Azərbaycanla bağlı turistlər üçün ispan və ingilis dillərində hazırlanmış broşürlər və məlumat kitabçaları paylanıb.
Tədbirin davamı olaraq yaxın günlərdə Argentinanın aparıcı tur operatorlarından ibarət nümayəndə heyətinin Azərbaycanın turizm potensialı ilə tanış olmaları üçün ölkəmizə səfəri nəzərdə tutulur.