Arxangelsk Azərbaycan diasporunun rəhbəri nüfuzlu mükafata layiq görülüb
Moskva, 21 dekabr, AZƏRTAC
“Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov “Şimal sərvəti” (“Dostoyaniye Severa”) regional mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi dekabrın 20-də Arxangelsk Filarmoniyasında keçirilib.
2003-cü ildə təsis edilmiş “Şimal sərvəti” mükafatı Arxangelskdə iqtisadi, sosial, elm, təhsil, vətəndaş cəmiyyəti və digər sahələrin inkişafına xidmət edir. Arxangelsk Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov regionun bu mötəbər mükafatına layiq görülən ilk diaspor nümayəndəsidir.
Qeyd edək ki, Tərlan Qasımov bir müddət əvvəl ictimai fəaliyyətinə, o cümlədən M.V.Lomonosov adına Şimal Federal Universitetinin Energetika, Neft və Qaz Ali Məktəbində əfsanəvi neftçi Fərman Salmanov adına elmi laboratoriyanın yaradılmasında xidmətlərinə görə “Baybakov Fondu” tərəfindən də Qızıl medala layiq görülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva