Aslan Kərimov: “Sumqayıt”ın cavab oyununda qapısını toxunulmaz saxlaması çətin olacaq
Bakı, 31 iyul, AZƏRTAC
Sumqayıtdakı ilk oyundan öncə “Fehervar” bu cütün favoriti hesab edilirdi. Komandanın büdcəsi də təmsilçimizdən üstündür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Aslan Kərimov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”ın səfərdə Macarıstanın “Fehervar” komandası ilə keçirəcəyi oyundakı şanslarını dəyərləndirərkən deyib.
Onun fikrincə, Murat Xaçayev ilk oyunda qırmızı vərəqə almasaydı, “Sumqayıt” meydandan üstün tərəf kimi ayrıla bilərdi: “Bu kart cavab görüşündə də komandaya problem yaradacaq. Onsuz da ilk matçdan əvvəl bir mərkəz müdafiəçisi sıradan çıxmışdı. Muradın da qırmızı alması planları pozdu. Belə olan halda, başqa mövqeyin futbolçusunu həmin zonaya çəkmək məcburiyyətində qalırsan. Bu da oyun tərzinə uyğun gəlməyəcək”.
Aslan Kərimov rəqibin cinahlarda yaxşı təsir bağışladığını söyləyib: “İlk matçda ən çox iş “Fehervar”ın cinah oyunçularının üzərinə düşmüşdü. Çünki mərkəzdə olan futbolçular başla çox yaxşı təsir bağışlayırlar. Qollar da həmin epizodlardan vuruldu. Görünən odur ki, macarlar buna yaxşı hazırlaşmışdılar. “Sumqayıt”da isə başla etibarlı oynayacaq şəxs Elvin Bədəlovdur. Onun da işi bu gün çətin olacaq”.
52 yaşlı mütəxəssis “Sumqayıt”ın növbəti mərhələyə yüksəlmək şanslarının aşağı olduğunu bildirib: “Gənclik şəhəri” təmsilçisi iki top vuracağı təqdirdə, III raunda vəsiqəni əldə edir. Lakin qapısını toxunulmaz saxlaması çətin olacaq. Bu, futboldur, istənilən nəticə ola bilər. “Sumqayıt” müdafiədəki oyunu ilə özünü təsdiqlənmiş kollektivdir. Bu taktikanın bugünkü matçda nə dərəcədə işə yaracağını meydandakı oyun göstərəcək”.
Qeyd edək ki, “Fehervar” – “Sumqayıt” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komandalar arasında ilk oyun rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.