AŞPA AZƏRBAYCANA PARLAMENT SEÇKİLƏRİNƏ MÜŞAHİDƏÇİLƏR GÖNDƏRƏCƏK
Məlumatda vurğulanır ki, bu qrup AŞPA-nın belə tədbirlərdə iştirakının bütün tarixi ərzində ən geniştərkibli heyət olacaqdır. Ona 47 deputat daxildir. Onlar noyabrın 4-dən 7-dək Azərbaycanda ATƏT-in və Avropa Parlamentinin nümayəndələri ilə birlikdə işləyəcəklər.
Müşahidəçilər ölkə rəsmiləri, seçkilərdə iştirak edən partiyaların nümayəndələri, seçki komissiyalarının təmsilçiləri və ayrı-ayrı vətəndaşlarla görüşmək niyyətindədirlər. AŞPA, ATƏT və Avropa Parlamentindən olan müşahidəçilərin seçkilərin gedişi barədə rəyləri noyabrın 7-də Bakıda keçiriləcək mətbuat konfransında açıqlanacaqdır.
Parlament seçkiləri ərəfəsində vəziyyəti öyrənmək üçün oktyabrın 11-13-də Azərbaycanda olmuş nümayəndə heyətinin başçısı Leo Platvoet Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərin şəffaf keçirilməsi, barmaqların mürəkkəblə işarələnməsi və seçki proseslərinə müdaxilə edən rəsmilərin cəzalandırılması məqsədi ilə müəyyənləşdirdiyi tədbirləri alqışladığını bildirmişdir. O demişdir: “Bu seçkilər Azərbaycan üçün taleyüklü məsələdir və Avropa Şurasının üzvü kimi onun yerinə yetirməli olduğu standartlara nə dərəcədə cavab verdiyini göstərəcəkdir”.