SİYASƏT
AŞPA hazırda Fransanın əlində oyuncağa çevrilmiş bir qurumdur - RƏY
![AŞPA hazırda Fransanın əlində oyuncağa çevrilmiş bir qurumdur - RƏY](/files/2024/1/1200x630/17063647486460331145_1200x630.jpg)
Bakı, 27 yanvar, AZƏRTAC
AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq olunmaması, ölkəmizin səsvermə hüququndan məhrum edilməsi beynəlxalq hüquqa böyük hörmətsizlikdir. Vətən müharibəsi dövründə Azərbaycan dünyanın ən böyük təsisatı BMT-nin Qarabağla bağlı icra edilməyən qətnamələrini özü yerinə yetirərək ərazi bütövlüyünü və suverenliyini təmin etməsi AŞPA-nın daxilindəki azərbaycanofob, islamofob erməni lobbisinin fəaliyyətini aktivləşdirdi. Onsuz da AŞPA üçün Ermənistanı və erməni lobbisinin maraqlarını müdafiə etmək artıq adiləşib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.
O bildirib ki, AŞPA-nın məlum qərarlarının digər səbəblərindən biri də ölkəmizin müstəqil siyasət yürütməsi, hansısa dövlətin diktəsi ilə davranmamasıdır. “Azərbaycanın gündən-günə artan nüfuzu və gücü Avropa ölkələrini qıcıqlandırır. Ölkəmizdə vətəndaşların bütün hüquq və azadlıqları qanuna uyğun olaraq təmin edilir. Görünən odur ki, Azərbaycanın haqlı mövqeyi Avropa Şurası Parlament Assambleyasını olduqca narahat edib və bu da AŞPA-nın qərəzli davranışı ilə nəticələnib. Təbii ki, Azərbaycanın qüdrəti artdıqca nüfuzunu itirmiş belə beynəlxalq təşkilatlar da “demokratik” prinsiplər adı altında öz qərəzli yanaşmalarını davam etdirəcəklər”, - deyən deputat vurğulayıb ki, AŞPA hazırda Fransanın əlində oyuncağa çevrilmiş bir qurum kimi uzun illər Ermənistanın təcavüzkar siyasətinə qarşı susqunluq nümayiş etdirib. Bu da AŞPA-nın Azərbaycana münasibətində riyakar və ikiüzlü mövqeyini aydın şəkildə göstərir.